Uşaqlarda nitq inkişafinın tipləri
bir yaşa çatar-çatmaz dil açır, dayanmadan nəsə danışır, həmsöhbət axtarır. Bəziləri isə 2,5-3 yaşa qədər danışmırlar, səssiz qalmağa üstünlük verirlər. Bu, həmin uşağın individual (fərdi) inkişaf tempidir. Lakin bu, o demək deyil ki, valideynlər rahat oturub, vəziyyəti nəzarətsiz qoymalıdırlar. Uşağın yanında olan hər bir kəs çox diqqətli olmalıdır.Müasir dövrün psixoloqları normal inkişaf edən uşaqların 2 ən çox yayılmış tipini ayırırlar: “danışanlar” və “susanlar”.
“Danışanlar” yüksək aktivlik və ətraf aləmə böyük maraq göstərməklə fərqlənirlər. Onlar danışmağı, nəsə nəql etməyi və sual verməyi xoşlayırlar. Belə uşaqlarda yeniliklərə uyğunlaşma çox asan olur. Onlar təzə yerə tez alışır (əşyalara əl vurmaq imkanını müsbət hal kimi qiymətləndirirlər), yeni insanlarla tez ünsiyyət qurur, əksər hallarda lider olmağa meyl edirlər.
“Danışanlar” başqa uşaqlardan daha tez nitqə yiyələnir, onlar üçün ən vacibi ətraflarında düzgün və səlis nitq eşitməkdir. Qalan proseslərə bu tip uşaqlar özləri yiyələnə bilir. Bu uşaqlarda lüğət ehtiyatı zəngin, səs tələffüzü və rabitəli nitq normal olur.
“Susanlar” müşahidəçiliyə meylli olurlar. Onlar üçün ən vacibi, ətrafdakı mühitin sakit və etibarlı olmasıdır. Belə şərait olduqda uşaq aramla “yetişir”. Baş verən hər hansı bir dəyişiklik uşaqları narahat edir, yeniliklərə adaptasiya olmaq uzun vaxt aparır. “Susanları” əhatə edənlər, onları başa düşməlidirlər. Bu, çox vacibdir.
“Susanlar” gec danışsalarda, onların nitqi tam və dolğun olur. Əksər hallarda nitq qüsursuz və səlis olur. Buna baxmayaraq valideynlər uşağa diqqəti azaltmamalı, onun suallarına və müraciətlərinə tam və dolğun cavab verməlidirlər. Böyüklər ünsiyyətdə daha səbrli olmalıdırlar ki, problem aşkar olduqda, uşağa tez yardım edə bilsinlər. Əks halda “susan” uşaq özünə qapanar.
Bütün bunlara baxmayaraq, 2-3 yaşlarında “susan” uşaq danışmırsa, o zaman dərhal mütəxəssislərə - uşaq nevropatoloqu, uşaq psixoloqu və ya loqopedə müraciət etmək lazımdır.
Onlar nə baş verdiyinə aydınlıq gətirib, diaqnoz qoymuş olurlar. Beləliklə, sizin körpənizə vaxtında lazım olan köməklik göstərilər.
//Yazar: Cəmilə Məmmədova