Verter effekti və ya kütləvi intiharların səbəbləri
Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.
Deyilənlərdən əlavə, hansısa hərbi əməliyyatlarda, o cümlədən, Qarabağ döyüşlərində iştirak edən hər kəs yaxşı bilir ki, qızğın atışmalar zamanı cəmisi bir nəfərin özünü irəli atması, hamıya necə sürətlə sirayət edib, hamının özünü şüursuz vəziyyətdə onun arxasınca irəli atmasına, əksinə, kiminsə səngərdən çıxıb qaçması başqalarının da inamını zəiflədib geri çəkilməsinə güclü təsir göstərə bilir. Hansı ki, sonradan düşünəndə həmin an irəli getməyə və ya ikinci halda geri çəkilməyə heç bir zərurət olmadığı aydın olur.
Bütün bunların nəticəsi olaraq isə – fahişəliyin və ailə dağılmalarının kütləvi hal alması barədə mətbuatın gecə-gündüz çoxsaylı faktlar dərc etməsi, hətta bu barədə həyəcan təbili çalmaq formasında da olsa, mütəmadi müzakirələr açması, ümumiyyətcə, istənilən formalı parnoqrafiyanın leqal formaya keçirilməsi – bu kimi halların cəmiyyətdə daha da intişar etməsində, cəmiyyətin mənəvi uçuruma yuvarlanmasında nə dərəcədə detonator rolu oynayır?!